KRİMİNAL XRONİKA

Əsas səhifə

İyunun 22-də saat 23 radələrində DİN-in "102 Zəng Mərkəzi"nə Pirallahı rayonunun Dübəndi bağlar massivindəki dayanacaqlardan birinin yaxınlığında bir nəfərin maşınla vurulması...

23.06.2017

İyunun 22-də saat 23 radələrində DİN-in "102 Zəng Mərkəzi"nə Pirallahı rayonunun Dübəndi bağlar massivindəki dayanacaqlardan birinin yaxınlığında bir nəfərin maşınla vurulması nəticəsində xəsarət alması barədə məlumat daxil olub.  
Məlumat aidiyyatı üzrə Pirallahı Rayon Polis Şöbəsinə ünvanlanıb. 
Dərhal hadisə yerinə gələn RPŞ əməkdaşları hadisə yerini müayinə edib, yaralının təcili xəstəxanaya çatdırılması təmin olunub və vaxtında yardım göstərildiyindən onun həyatı üçün təhlükə aradan qalxıb. 
DİN-in Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanlarından istifadə edilməklə həmin vaxt oradan keçən bir neçə maşın müəyyən edilib. Əməliyyat yolu ilə əldə edilən məlumatlarla həmin maşınlardan "Mercedes" markalı yük avtomobili daha çox şübhə doğurduğundan onun tapılması üçün axtarışlara başlanılıb.   
Pirallahı RPŞ DYPB-nin əməkdaşları tərəfindən həmin maşının Xəzər rayonunun Zirə qəsəbəsində olduğu müəyyən edilib. 
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində "Mercedes-Benz-Atego" markalı yük maşınını idarə edən Masallı rayon sakini Ramin Şahbazov hadisəni törətməkdə şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Kriminalistlik ekspertiza hadisə yerindən götürülmüş maddi sübutların həmin avtomobilin sınmış şüşələri və əzilmiş hissələri ilə eyniyyət təşkil etdiyini aşkara çıxarıb. 
Pirallahı Rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır. 

Pirallahı Rayon Polis Şöbəsinə bir nəfər şəxsin özündə saxladığı əl qumbarasını satmaq məqsədi ilə müştəri axtarması barədə əməliyyat məlumatı daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən görülən tədbirlərlə o, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sergey Taranov olması müəyyən edilib. Üzərinə baxış keçirilərkən satmaq məqsədi ilə qanunsuz saxladığı alışqanı ilə birlikdə olan 1 ədəd "F-1" əl qumbarası və eyni məqsədlə gəzdirdiyi 3 bükümdə narkotik vasitə olan marixuana aşkar edilib. 
Ətrafında aparılan tədbirlərlə S.Taranov rayon ərazisindəki qəbiristanlıqda çətənə kolları əkib-becərdiyini etiraf edib. Polis əməkdaşları tərəfindən saxlanılan şəxsin nişan verdiyi həmin əraziyə baxış keçirilərkən diqqət çəkməyən yerdə qurudularaq qablaşdırılmış vəziyyətdə olan narkotik vasitə də aşkar edilərək götürülüb. 
Ekspertiza S.Taranovun üzərindən çıxan narkotik vasitənin 3,035 qram, qəbiristanlıqdan tapılan narkotik vasitənin isə 970 qram marixuana olması barədə rəy verib.
Faktla bağlı cinayət işi başlanılıb. İstintaq tədbirləri aparılır.

İyunun 22-də Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edən ölkəmizə turist kimi səfərə gəlmiş Niderland vətəndaşı Vilhelm Yakobs  Bakı Metropolitenində olduğu müddətdə pulqabısını itirməsi barədə məlumat verib.
O, heç kimi tanımadığı ölkədə bütün sənədlərini itirdiyindən köməksiz vəziyyətə düşdüyü anda yardım üçün polisə müraciət etməyi qərara alıb. Bu məqsədlə mobil telefonunda olan bələdçi proqramının köməkliyi ilə Bakı Şəhər Baş Polis İdarəsinə gəlib çıxdığını bildirib.
Xarici dilləri sərbəst bilən polis əməkdaşları onun içərisində pulu, bir neçə xarici bank kartları, sənədləri və özünə məxsus digər əşyaları olan pulqabısını metronun "28 May" stansiyasından çıxarkən üzərində aşkar etməməsini müəyyən ediblər.
Dərhal bu barədə Metropolitendə Polis Şöbəsinə məlumat verilib və onu aidiyyatı üzrə Polis Şöbəsinə gətiriblər.
Əcnəbi qonaq Metropolitendə Polis Şöbəsində gözlənilməz sürprizlə qarşılaşıb. Məlum olub ki, bir qədər əvvəl metronun "Azadlıq" stansiyasında xidmətdə olan polis əməkdaşları platformada əcnəbi vətəndaşa məxsus pulqabının tapılması barədə Şöbə rəhbərliyinə məlumat verərək sahibi tapılmadığından onu şöbəyə təhvil veriblər.  
Əcnəbi turist pulqabısının tapılaraq belə tezliklə ona qaytarılmasından heyrətləndiyini bildirib. Azərbaycan polisinin belə peşəkarlığına, opertaviliyinə görə onlara minnətdarlıq edib,  bunun ən yaxşı nümunə olduğunu bildirib.

İyunun 23-də paytaxtın Nizami rayonu B.Nuriyev küçəsindən Bakı şəhər sakini Aqil İbayevə məxsus "Mercedes" markalı avtomobil qaçırılıb və Naxçıvanski küçəsində idarə edilərkən yol ayırıcısına vurulub.
Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri olan 2 yeniyetmə aldıqları xəsarətlə xəstəxanaya yerləşdiriliblər.
Nizami RPİ tərəfindən araşdırma aparılır.

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Qafur Quliyevin, Rəfayel Bəşirovun, Elmar Nəzərovun və Amir Nəsirovun ətrafında Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə onların aprelin 3-də Maştağa qəsəbəsi ərazisindəki evlərdən birindən pəncərədən girmək yolu ilə 4000 manat dəyərində qızıl əşyalar oğurlamaları da müəyyən edilib.