KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı şəhərində baş vermiş cinayət faktları,tutulmuş şəxslər və narkotik maddənin aşkar olunması barədə

14.12.2015

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 13-də K.Rəhimov küçəsində yaşayan Solmaz Əliyevaya məxsus su nasosunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Sabunçu RPİ tərəfindən AR CM-nin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan 1978-cı il təvəllüdlü Amil Əliyev və 1980-ci il təvəllüdlü Hamlet Babayev tutulub. Onların üzərinə baxış zamanı A.Əliyevdən 10,200, H.Babayevdən isə 11,412 qram tiryək aşkar edilib. Araşdırma zamanı müəyyən edilib ki, onlar müxtəlif vaxtlarda Əhməd Əhmədova, Aydın Mustafayevə, Emil Mustafayevə, Eldar Şirəliyevə, Hüseyn Hüseynliyə və Arif Aslanova məxsus su nasoslarını oğurlayıblar.

Dekabrın 13-ü saat 23:30 radələrində Sabunçu rayonu Məhəmmədi qəsəbəsində Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Ayaz Abbasovun idarə etdiyi «VAZ-2107» və Tovuz rayon sakini 1984-cü il təvəllüdlü Amin Əliyevin idarə etdiyi «Opel-Frontera» markalı avtomobillər toqquşub. Nəticədə, A.Abbasov və oğlu 2011-ci il təvəllüdlü Toğrul 3 saylı xəstəxanaya yerləşdirilib. Digər oğlu 2013-cü il təvəllüdlü Ramal isə xəstəxanada ölüb.

Dekabrın 13-ü saat 06:25 radələrində Nizami rayonu Q.Qarayev prospektində Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Vüqar Həziyev idarə etdiyi «Daewoo» markalı 20 saylı xətt avtobusu ilə 1929-cu il təvəllüdlü Xədicə Qasımovanı vurmuş və o aldığı xəsarətdən hadisə yerində ölüb.

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1971-ci il təvəllüdlü Natiq Daşdəmirov tutulub.

Binəqədi RPİ 4-cü və 6-cı PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 6-a keçən gecə Nizami küçəsində Elxan Nəsirova məxsus «Man» markalı yük maşınından, noyabrın 16-na keçən gecə isə Binəqədi qəsəbəsində Zaur Qafarovun idarə etdiyi «Daewoo» markalı 65 saylı xətt avtobusundan iki ədəd akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri - 1996-cı il təvəllüdlü Emin Şıxəliyev və 1993-cü il təvəllüdlü Soltan Meybullayev tutulub.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1972-ci il təvəllüdlü Kamran Musayev tutulub.

Xətai RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1982-ci il təvəllüdlü Zaur Məmmədli tutulub.

Nizami RPİ CAŞ, PPXB və 24-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 12-də Q.Qarayev prospektində yerləşən bazarda Qəbələ rayon sakini, 1968-ci il təvəllüdlü Mehriban Səmədovanın cibindən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Sakit Əliyev tutulub. Müəyyən edilib ki, o, dekabrın 5-də 51 saylı xətt avtobusunda Bakı şəhər sakini Zəhra Mayılovanın cibindən mobil telefon oğurlayıb.

Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 11-də Binə qəsəbəsi Atçılıq yaşayış sahəsində Araz Yaqubova bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Hüccət Nəsirzadə tutulub.  

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 7-i və 11-də G.Əliyev küçəsində Bahar Mirzəyevaya məxsus mağazadan
sərinləşdirici içkilər və tütün məmulatları oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini, 1990-cı il təvəllüdlü Mənsur Musayev tutulub.  

Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, iyulun 26-da Çobanzadə küçəsində Masallı rayon sakini Alxas Məhərrəmova məxsus «Chevrolet-Cruze» markalı avtomobildən, açıq qapıdan keçməklə 708 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini, 1986-ci il təvəllüdlü Elvin Əzimov tutulub.  

Bakı şəhər Baş Polis İdarəsi
14.12.2015